Whiteseo

Texniki SEO

Saytın taranması, indeksləşməsi və sürəti üzərində texniki SEO işi — Core Web Vitals, mobil versiya, redirectlər və struktur məlumat.

Texniki SEO — saytınızın Google tərəfindən problemsiz taranması, düzgün renderlənməsi və indeksləşdirilməsi üçün görülən işlərdir. Beynəlxalq termini technical SEO-dur. Sadə qayda belədir: Google səhifəni oxuya bilmirsə, məzmunun nə qədər yaxşı olmasının əhəmiyyəti yoxdur — o səhifə axtarışda sadəcə mövcud deyil.

Bir baxışda
  • Üç sual üzərində qurulur: Google saytı tarayabilirmi, renderləyə bilirmi, indeksləyə bilirmi?
  • Əhatə: indeksləşmə, sürət və Core Web Vitals, mobil versiya, status kodları və redirectlər, kanoniklik, JavaScript renderləmə, struktur məlumat.
  • Nəticə çox vaxt tez görünür — texniki düzəlişlərin təsiri adətən günlər və həftələr ərzində Search Console-da özünü göstərir.
  • Texniki SEO tək başına sıralama qazandırmır; o, qalan bütün işlərin işləməsi üçün şərtdir.

Texniki SEO nədir?

Google axtarışı üç mərhələdən keçir: tarama (crawling), indeksləşdirmə (indexing) və nəticələrin verilməsi (serving). Texniki SEO ilk iki mərhələyə cavabdehdir. Məzmun və avtoritet işi üçüncü mərhələdə rol oynayır — amma səhifə ilk iki mərhələdən keçməyibsə, üçüncüsünə heç çatmır.

JavaScript ilə qurulmuş saytlarda araya bir mərhələ də girir. Google-un sənədi bunu belə sadalayır: "1. Crawling 2. Rendering 3. Indexing" — yəni bot əvvəlcə faylı endirir, sonra brauzer kimi icra edir, sonra indeksləyir. Renderləmə mərhələsində problem olarsa, məzmun mövcud olsa belə Google onu görmür.

Bu üç sualı öz saytınızda yoxlamaq üçün pulsuz alət var — Search Console. Necə oxunduğunu ayrıca izah etmişik: Google Search Console nədir. Ümumi mənzərə üçün isə: SEO nədir və necə işləyir.

Nə vaxt prioritetdir?

Texniki SEO həmişə birinci sırada olmur. Aşağıdakı əlamətlərdən biri varsa — olmalıdır.

ƏlamətEhtimal olunan texniki səbəb
Səhifələr Google-da ümumiyyətlə görünmürrobots.txt bloklaması, noindex teqi, kanonik səhv, sitemap problemi
Search Console-da "Discovered — currently not indexed" çoxdurTarama büdcəsi, aşağı dəyərli səhifə həcmi, daxili link çatışmazlığı
Mobil trafik masaüstündən kəskin geri qalırMobil versiyada məzmun əskikliyi, mobil render problemləri
Sayt köçürüldü və ya dizayn dəyişdi, trafik düşdüQırılmış redirect zəncirləri, URL dəyişikliyi, itmiş kanonik siqnallar
Səhifə açılışı gözlə görünəcək qədər yavaşdırCore Web Vitals — LCP, INP və CLS problemləri
Məhsullar/xidmətlər zəngin nəticələrdə görünmürStruktur məlumat (schema) yoxdur və ya səhvdir

Əksinə: kiçik, sürətli və problemsiz indeksləşən sayt üçün texniki iş qısa olur — bu halda büdcəni məzmuna yönəltmək daha düzgündür.

Texniki SEO-ya nələr daxildir?

1. Tarama və indeksləşmə

robots.txt, sitemap.xml, indeksləşmə direktivləri, daxili link strukturu və tarama büdcəsi. Burada ən çox rast gəlinən tələ noindex ilə robots.txt-in eyni vaxtda işlədilməsidir. Google-un sənədi açıq yazır: "For the noindex rule to be effective, the page or resource must not be blocked by a robots.txt file, and it has to be otherwise accessible to the crawler." Yəni səhifəni robots.txt ilə bağlasanız, bot noindex teqini heç görməyəcək və səhifə indeksdə qala bilər.

Tarama büdcəsi isə hər sayt üçün problem deyil. Google bunu ölçü ilə müəyyən edir: 1 milyondan çox unikal səhifəsi olan böyük saytlar və məzmunu gündəlik dəyişən 10 000+ səhifəlik saytlar. Daha kiçik saytlarda vaxtı buna sərf etmək lazım deyil. İndeksləşmə statuslarının mənası: Search Console indeksləşmə hesabatı.

2. Sürət və Core Web Vitals

Google-un istifadəçi təcrübəsi ölçüləri üç göstəricidən ibarətdir və "yaxşı" hədləri (istifadəçilərin 75%-i üçün) belədir:

GöstəriciNəyi ölçür"Yaxşı" həddi
LCP — Largest Contentful PaintƏsas məzmunun görünmə sürəti2,5 saniyə və ya az
INP — Interaction to Next PaintSəhifənin toxunuşa/kliklərə cavab sürəti200 millisaniyə və ya az
CLS — Cumulative Layout ShiftVizual sabitlik — məzmunun sıçraması0,1 və ya az

Qeyd: köhnə FID göstəricisi 2024-cü ildə ləğv olundu və yerini INP tutdu — hələ də FID-ə görə hesabat verən audit görsəniz, o hesabat köhnəlmişdir. Sıralamaya təsiri barədə Google dəqiqdir: "Core Web Vitals are used by our ranking systems", lakin "There is no single signal" — yəni sürət tək başına sehirli düymə deyil, uyğunluq həmişə birinci gəlir.

3. Mobil versiya (mobile-first indeksləşmə)

Google-un tərifi: "Google uses the mobile version of a site's content, crawled with the smartphone agent, for indexing and ranking." Praktik nəticə budur ki, mobil versiyada olmayan məzmun Google üçün mövcud deyil. Dizayn fərqlənə bilər — akordeon, tab, gizli bölmə problem deyil — amma mətnin özü mobil versiyada olmalıdır.

4. Status kodları, redirect və kanoniklik

Serverin qaytardığı cavab Google üçün birbaşa göstərişdir. Redirect zəncirləri, sınıq linklər, silinmiş səhifələrin düzgün emalı və dublikat URL-lərin kanonik siqnalı — hamısı bu bölmədədir. Detallar: HTTP status kodları və SEO, 301 və 302 fərqi, 404, 410 və soft 404.

5. JavaScript renderləmə

SPA və ağır JS istifadə edən saytlarda məzmunun bota necə çatdığı yoxlanılır. Google xəbərdarlıq edir: "Google Search won't render JavaScript from blocked files or on blocked pages" — yəni robots.txt-də bağlanmış bir JS və ya CSS faylı bütün səhifənin boş görünməsinə səbəb ola bilər. Server tərəfli render (SSR) və ya prerender tövsiyə olunur, çünki "not all bots can run JavaScript".

6. Struktur məlumat (schema markup)

Məhsul, xidmət, məqalə, FAQ və təşkilat məlumatlarının Google-un anladığı formatda işarələnməsi. Düzgün qurulduqda zəngin nəticələr üçün şərait yaradır və brendinizi varlıq (entity) kimi tanıdır: schema markup və entity bağlama.

İstifadə etdiyimiz texniki SEO alətləri

Texniki SEO auditində hər iddia ölçmə ilə təsdiqlənir. İşlətdiyimiz dəst budur:

AlətNə üçün istifadə edirik
Google Search ConsoleURL Inspection ilə Google-un səhifəni necə gördüyü, indeksləşmə statusları, Core Web Vitals hesabatı, sitemap idarəsi.
Screaming Frog SEO SpiderSaytın tam taranması: redirect zəncirləri, sınıq linklər, dublikat başlıq və kanonik, dərinlik analizi.
PageSpeed InsightsLCP, INP və CLS — həm laboratoriya, həm real istifadəçi (CrUX) məlumatı ilə.
LighthouseSəhifə səviyyəsində performans, əlçatanlıq və ən yaxşı təcrübə auditi; düzəlişdən sonra təkrar ölçmə.
Chrome DevToolsRender blokerləri, şəbəkə şəlaləsi, JS xətaları — sürət probleminin əsl səbəbini burada tapırıq.
Chrome UX Report (CrUX)Real istifadəçi məlumatı üzərindən sahə ölçmələri və rəqiblərlə müqayisə.
Rich Results TestStruktur məlumatın Google tərəfindən oxunub-oxunmadığını yoxlamaq.
Schema Markup ValidatorSchema.org sintaksisinin ümumi doğruluğu — Google-a xas olmayan xətalar üçün.
Ahrefs Site AuditTəkrarlanan avtomatik taramalar və problemlərin zamanla dinamikası.
Semrush Site AuditTexniki sağlamlıq balı və prioritetləşdirmə üçün ikinci mənbə.
web.dev — Core Web VitalsHədlərin və metodikanın rəsmi mənbəyi; komandaya istinad kimi veririk.

Sürətli ilkin yoxlamalar üçün saytımızdakı pulsuz SEO alətlərindən özünüz də istifadə edə bilərsiniz.

Audit necə aparılır: beş mərhələ

  1. Tam tarama (1–3 gün). Sayt bot gözü ilə taranır: bütün URL-lər, status kodları, kanoniklər, başlıqlar, daxili link dərinliyi çıxarılır.
  2. Google-un gördüyü ilə müqayisə. Search Console məlumatı ilə tutuşdurulur — hansı səhifə indeksdədir, hansı deyil və səbəbi nədir. Fərq həmişə ən qiymətli məlumatdır.
  3. Performans ölçməsi. Şablon tipləri üzrə (ana səhifə, kateqoriya, məhsul, bloq) LCP, INP və CLS ölçülür; problemin kökü müəyyənləşir.
  4. Prioritetləşdirilmiş hesabat. Hər problem üç sütunla verilir: təsir dərəcəsi, icra çətinliyi, konkret həll. Developer üçün başa düşülən dildə.
  5. İcra və təkrar yoxlama. Düzəlişləri özümüz tətbiq edirik və ya sizin komandaya ötürürük; sonra eyni ölçmələr təkrarlanır ki, dəyişiklik rəqəmlə təsdiqlənsin.

Ən çox rast gəldiyimiz səhvlər

Aşağıdakılar texniki SEO auditlərində demək olar ki, hər ikinci saytda qarşımıza çıxan problemlərdir — siyahını özünüz də ilkin yoxlama kimi işlədə bilərsiniz.

  • Test mühitindən qalmış noindex. Sayt canlıya çıxır, amma şablonda noindex unudulur — səhifələr aylarla indeksə düşmür.
  • robots.txt ilə bağlanmış CSS/JS. Google səhifəni boş və ya sınıq görür, çünki bloklanmış fayllardan render aparmır.
  • Səhifələmə URL-lərinin öz-özünə kanonik olması. ?page=2, ?page=3 səhifələri əsas siyahı ilə rəqabətə girir.
  • Redirect zəncirləri. A → B → C → D. Hər halqa siqnal itirir və tarama büdcəsi yeyir.
  • http/https və www/www-suz dublikatlar. Eyni məzmun dörd fərqli ünvanda mövcud olur.
  • Mobil versiyada əskik məzmun. Masaüstündə olan mətn mobil şablonda yoxdur — mobile-first indeksləşmədə həmin məzmun mövcud deyil.
  • Sitemap-da 404 və redirect URL-lər. Google-a səhv siyahı verilir, etibar azalır.
  • Şəkillərin optimallaşdırılmaması. LCP problemlərinin ən çox rast gəlinən tək səbəbi budur: nəhəng, ölçüsü verilməmiş şəkillər.

Nə vaxt nəticə görünür?

Texniki SEO-nun üstünlüyü budur ki, nəticə adətən məzmun işindən daha tez görünür. İndeksləşmə blokajı aradan qaldırılanda səhifələr günlər ərzində indeksə düşə bilər; sürət düzəlişləri isə real istifadəçi məlumatına əsaslandığı üçün Core Web Vitals hesabatında adətən 28 günlük ölçmə pəncərəsi dolduqca özünü göstərir.

Buna baxmayaraq zəmanət yoxdur. Google-un öz sənədində belə yazılıb: "No one can guarantee a #1 ranking on Google." Texniki iş görünmə imkanını açır — həmin imkanı məzmun və avtoritet doldurur.

Texniki SEO və aylıq xidmətin fərqi

FormatNə verirKimə uyğundur
Texniki SEO (bu səhifə)Dərin texniki audit + düzəlişlərin icrası, layihə formatındaTexniki problemi olan və ya yeni sayt buraxan biznes
SEO auditYalnız təhlil və prioritetli tapşırıq siyahısı, icra sizdəÖz developer komandası olan biznes
SEO xidmətiTexniki iş + kontent + avtoritet + aylıq ölçmə, davamlı dövrəOrqanik kanalı əsas satış mənbəyinə çevirmək istəyənlər

Praktikada ardıcıllıq belədir: əvvəlcə texniki baza qurulur, sonra aylıq iş başlayır. Sıralı getməyəndə məzmuna qoyulan pul texniki problemə görə itir.

Qiymət nədən asılıdır

Texniki SEO layihəsinin dəyəri sabit deyil — iş həcmi bu beş amildən asılı olaraq dəyişir:

  • URL sayı — 50 səhifəlik sayt ilə 50 000 məhsullu kataloqun taranması və təhlili eyni iş deyil.
  • Platforma — hazır CMS, xüsusi yazılmış sistem və ya JS çərçivəsi (React, Vue, Next.js) fərqli yanaşma tələb edir.
  • İcra kimdədir — düzəlişləri biz tətbiq edirik, yoxsa sizin developerə ötürürük.
  • Dil və region sayı — hreflang və çoxdilli kanoniklik ayrıca iş həcmidir.
  • Problemin dərinliyi — bir neçə düzəliş, yoxsa struktur yenidənqurma.

Paketlərin əhatəsi: SEO qiyməti. Konkret sayt üçün hesablama: qiymət təklifi al.

Tez-tez verilən suallar

Texniki SEO bir dəfə edilib qurtarırmı?

Əsas iş layihə formatındadır və bitir. Amma sayt canlı orqanizmdir: yeni səhifələr, yeni funksiyalar, plagin yeniləmələri texniki borc yaradır. Ona görə ildə bir-iki dəfə nəzarət taraması tövsiyə olunur.

Sayt sürətli olsa, sıralama qalxarmı?

Tək başına zəmanətli deyil. Google yazır ki, Core Web Vitals sıralama sistemlərində istifadə olunur, amma "There is no single signal" və uyğunluq həmişə üstündür. Sürət, bərabər dəyərli iki nəticə arasında fərq yaradan amildir.

Developerimiz var, sizə ehtiyac varmı?

Çox vaxt ən yaxşı model budur: biz nəyin, niyə və hansı ardıcıllıqla ediləcəyini müəyyənləşdiririk, sizin developer icra edir. Bu, həm sürətli, həm ucuz olur.

Saytı yenidən qurmalıyıqmı?

Əksər halda xeyr. Yenidənqurmanı yalnız platformanın özü texniki maneə olduqda təklif edirik — bu qərar auditdən sonra rəqəmlərlə əsaslandırılır.

FID hesabatı görürəm, bu normaldırmı?

Xeyr — FID 2024-cü ildə Core Web Vitals dəstindən çıxarılıb və yerini INP tutub. FID-ə görə hesabat verən alət və ya təchizatçı köhnə metodika ilə işləyir.

Köçürmədən sonra trafik düşüb, düzəlirmi?

Adətən bəli. Köçürmə itkilərinin böyük hissəsi qırılmış redirectlər, dəyişmiş URL strukturu və itmiş kanonik siqnallardır — bunlar bərpa oluna bilən problemlərdir. Nə qədər tez müdaxilə edilsə, itki bir o qədər az olur.

Növbəti addım

SEO ilə böyüməyə hazırsınız?

Pulsuz konsultasiya üçün indi müraciət edin.

Qiymət təklifi al
WhatsApp Bloglar